|
|
|
|
Əcəl kimi...
(Allahın bütün istedadı ilə yaratdığı zərif cinsə ithaf)
Bahəddin Həziyev
Epiqraf:
«Hədsiz sevgi insana mane olur» (Taleyran)
…Onu görəndə bu dünyada yaşamağın gözəlliyini duydun. Ürəyin az qala yerindən çıxacaq gədər bərk döyündü. Baxışlarınız toqquşanda bədənindən bir cərəyan keçdi. İçində doğulan o nəsədən diksindin. İlkini gözləyən ana öz bətnindəki körpəsinin gəfil tərpənişindən necə qorxar və həm də necə xoşbəxt olar – eləcə. Bax, həmin gün sevgililər və sevgi günüdür.…Onu qarşılıqsız sevdin. Platonik bir məhəbbətlə sevdin. Sən onun keçdiyi küçələrdən hər gün keçdin. Onun pəncərəsinin altında payız yağmurunda bədənin buza dönənə qədər dayanıb soyuqladın. Bir dəfə kitabı səndə qalmışdı. Səhərə qədər kitabını qoxulayıb sinənə sıxdın və nə zaman yuxuya getditin də bilmədin. Bundan cəsarətlənmişdin. Həm də danışmaq üçün bəhanə də vardı. Ona yaxınlaşıb ürəyini açmaq istədin. «Yox» cavabından qorxub hər gün ertələdin. Dərslər niyə belə tez bitdi? Sabaha açılan gecə sənə bir il gədər uzun gəldi. Axır ki, ona açılmağı gərarlaşdırdın. Yenə də cürətin çatmadı. Daha bir uzun və yuxusuz gecə. Boğazından çörək də keçmir. Başqa heç kiminlə danışmağa həvəsin yoxdur. Gözlərin kitaba baxır, amma fikrin Onun yanındadır. Sabah hər şey aydınlaşacaq. Ya hə, ya.. Ya? Yox! Bu cavabı eşidmək nədir, düşünmək belə istəmirsən.
Beləcə, hələ çox uzun və üzüntülü gecələr yaşadın. Onu qısqandın. Hətta oturduğu partaya belə qısqandın. Tənəffüsdə yaxınlaşmaq üçün min cür bəhanə axtardın. Tapa bilməyəndə elə-belə gəlib yanında ötdün. Üzünə də baxmağa qorxdun: birdən nə düşündüyünü hiss edər deyə. Amma əslində bu hiss etdiklərini ona çatdırmaq üçün nə zamandır fürsət və güc axtarırsan. İndi də toparlanıb gəlmişdin. Onun tək qala biləcəyi anı gözlədin. Olmadı. Və... dəfələrlə olmadı.
Bir gün heç gözləmədiyin halda o sənə yaxınlaşıb qələm və ya nəsə bir şey istədi (Yadında deyil nə istədi). Bundan elə xoşbəxt oldun ki. «Yox, zamanı deyil» deyə etirafını başqa vaxta saxladın. Onun həmin xəfif təbəssümlə sənin üzünə baxıb nəsə istəməsinin xoşbəxtliyi uzun zaman bəs elədi.
Dərs ili bitir. Öndə uzun bir tətil – ayrılıq yaşamaq varkən hər saniyənin dəyəri əvvəlkindən qat-qat çoxdu. Belədə zaman da sürətlənur. Yazın uzun günü sənə qışdakından da qısa göründü. Allahım, ona ürəyini açmadan bu üç ayı necə yaşayacaqsan? Birdən sanki sənə İlahidən bir güc, cəsarət gəldi. Yaxınlaşdın. Danışmağa başladın. Amma nə danışdığını özün də bilmirsən. Günlərlə beynində qurub-qoşduğun və əzbərlədiyin sözlərin hamısı bu anda yadından çıxdı. Hardan başlayacağını da bilmədin, harda bitəcəyindən xəbərsizdin. Dilinlə qurumuş dodaqlarını işlatmağa çalışırdın. Boğazın qurudu. Başın fırlandı. Yer anicı ayağının altından qaçdı. Özünü birtəhər ələ aldın. Bilmirdin, nə danışırsan, bilirdin ki, demək istədiyin kimi demirsən. O isə heçnə demədi. Sadəcə, sənə baxıb xəfifcə gülümsəyirdi...
...O gündən bəri Ramiz Rövşənin «Süd dişin ağrısı» poemasından bir parçanın misraları hər gün dua kimi yalnız özünün eşidəcəyin pıçıltı ilı tıkrar-tıkrar özünə oxuyursan.
Bu, sevgidir, mənim balam,
Min illərdir həmən sevgi.
Gözündən yaş damcılayan,
Əlindən qan daman sevgi.
Bu, sevgidir, mənim balam,
Dalımızca çapan sevgi,
Harda olsaq, əcəl kimi
Gəlib bizi tapan sevgi.
P.S. Bilirəm, yazını oxuyub imzaya baxacaq və təəccüblənəcəksiz: «Bu müəllif axı həmişə ciddi mövzulardan yazır». İnanın ki, bax, bu, dünyada ən ciddi mövzudur. Allah başda olmaqda nə isə bir şey yarada bilənlərin hamısının «material»ı sevgidir. Elə bu yazı müəllifinin həmişə əsas mövzusu olan siyasətin də. Epiqrafdakı fikrə isə inanmasanız yaxşıdır. Çünki Taleyran da başlanğıcda Valentin kimi ruhani olub, amma axırda diplomat kimi ölüb.
|
BurlaXatun-dan analoqu olmayan layihə: On-line reality şou… “Ana olacam!” Daha ətraflı... ![]() Xəbəriniz olsun ki...
|