|
|
|
|
Açıq geyimlərin gizli mesajı
Vüsal Məmmədov
Bəs Bakı qadınlarının geyimi nədən xəbər verir?
Əgər altşüurun geyim tərzinə təsir effekti prizmasından yanaşsaq, ilk növbədə ondan xəbər verir ki, bu qadın hələ özünü axtarır, nə istədiyini tam bilmir. Geyim – təkcə soyuqdan qorunmaq və ya gözəlliyini göstərmək vasitəsi deyil axı, həm də insanın estetik təfəkkürünün təzahür formasıdır. Bu baxımdan yanaşsaq, Bakıda ətrafa boylananda bir çox qadınların geyimində… belə deyək, kurtizan estetikasının elementləri gözə girir. Seksual-təhrikçi detallar çox qabarıqdır. Şəhərin mərkəzi küçələri az qala rəhmətlik Braziliya seriallarında göstərilən tropik çimərliklərə bənzəyir. Amma paradoks: bir az dərinə varsanız, görəcəksiniz ki, həmin qadınların bir çoxu ərdədir, qalanlarının ya həyatlarında kimsə var, ya da ən azından, kişi axtarışında deyillər. Yəni geyimləri heç də “axtarış rejimi”nin təsiri altında formalaşmayıb. Elə isə bu, nəyin təsiridir? Axı geyim təsadüfi seçilmir. İnsan öz geyimiylə ya bilərəkdən, ya da əksər hallarda bilmədən, alt şüurunun təsirilə ətrafa hansısa mesajlar ötürməyə çalışır. Bəs Bakı qadınlarının seksual geyim tərzilə ətrafa ötürmək istədikləri mesaj nədir?
Mənə elə gəlir ki, bu cür geyinməklə Bakı qadınları hər şeydən əvvəl, özləri də fərqinə varmadan, müstəqil olduqlarına vurğulamaq istəyirlər. Diqqət etdinizsə, bayaqdan bəri “Azərbaycan qadını” yox, məhz “Bakı qadını” ifadəsini işlədirik. Paytaxtdan kənarda patriarxal ənənə hələ də çox güclüdür, qadınların hər hansı bir müstəqiliyi haqda daışmaq mümkün deyil. Onlar heç nəyi, o cümlədən, geyimlərini də sırf öz istək və iradələri əsasında seçmirlər. Buna görə, əyalətlərdə qadınların geyimində sanki… ifadə caizdirsə, kolonial estetika duyulur. Paytaxtda isə əksinə. Öz ərinin (bir çox hallarda isə hətta ona doğma olan başqa kişilərin) yanında mini, dekolte və digər seksual elementlərlə bol paltarlar geyən qadınlar ilk növbədə elə onların özünə altşüur səviyyəsində mesajlar ötürməyə çalışırlar ki, “Mən səndən asılı deyiləm”, “Mən özüm-özümə məxsusam” və sair və ilaxır…
İnanmırsınızsa, sadəcə bir az diqqətlə insanları müşahidə edin. Özünüz də görəcəksiniz ki, həyatındakı kişilərlə açıq və ya gizli konfliktdə olmayan qadınlar (söhbət məhz azərbaycan qadınından gedir) adətən, seksuallığı qabardan geyimlərə meyilli olmurlar.
Ona görə də, yəqin ki, bir neçə ildən sonra belə geyim tərzinə meyl paytaxtda azalacaq, əyalətlərdə isə əgər patriarxal ənənə zəifləməyə doğru gedərsə, əksinə, güclənməyə başlayacaq. Əlbəttə, qadınlarla kişilərin arasındakı milli mentalitet əsasında formalaşmış gizli konflikt (“kim kimin böyüyüdür”) zaman keçdikcə həllini tapmasa. Cinslərarası müharibədə hücum növbəsi qadınlara keçir, deyəsən…
|
BurlaXatun-dan analoqu olmayan layihə: On-line reality şou… “Ana olacam!” Daha ətraflı... ![]() Xəbəriniz olsun ki...
|