Ən rəngli Reklamın cazibəsi... (070) 233 83 33
Burlaxatun.az dan əsl dost müsabiqəsi - “Rəfiqələr”
 
Bu reklam yeri sizindir? (070) 233 83 33
                                                                    Yeni tikililərin qaz problemi həll olunacaq
 
   Amma qanunlara edilən dəyişikliklərin əsasən tikilməkdə olan binaların sakinlərinə sevinc gətirəcəyini zənn etmək olar
Son vaxtlar Bakının sürətlə böyüdüyü göz qabağındadır. Xüsusilə də son illərdə paytaxtımızda xeyli abadlıq işləri aparılıb. Bu işlər çərçivəsində küçələr və prospektlər genişləndirilib, yollara keyfiyyətli asfalt döşənib, şəhərin müxtəlif nöqtələrində körpülər, yol ötürücüləri, tunellər tikilib istifadəyə verilib. Sonuncu dəfə bir neçə il əvvəl Bakıda olmuş insanlar yenidən paytaxtımıza qayıdarkən şəhərin xeyli dəyişdiyini və müasirləşdiyini etiraf edirlər. Bunu Azərbaycanda səfərdə olan xarici ölkə diplomatları və iş adamları da dilə gətiriblər. Son vaxtlar Bakının simasını dəyişən faktorlardan biri də şəhərdə qısa müddət ərzində inşa edilən yeni tikililərdir. Bu tikililərin əksəriyyəti çoxmərtəbəlidirlər və şəhərin görünüşünü gözəlləşdirirlər. Artıq paytaxt əhalisinin böyük bir hissəsi bu binalarda məskunlaşmağa başlayıblar. Amma yeni binalar özləri ilə birgə yeni, əlavə problemlər də gətiriblər. Bu problemlərdən ən aktualı yeni tikililərin əksəriyyətinin təbii qazla təmin olunmamasıdır. Məsələ burasındadır ki, tikintiləri inşa edən şirkətlər inşaat işlərinin gedişi zamanı sakinlərin bütün kommunal xidmətlərlə təmin olunacaqlarını bildirsələr də, sonradan vədlərinə əməl etmirlər. Təbii ki, mənzillərin qazla təmin edilməməsinin əsas səbəbi yeni tikililərin Dövlət Qəbul Komissiyasına tam təhvil verilməməsidir. Qanunvericiliyə və müvafiq normativ aktlara görə, yeni tikililərə qazın verilməsi binaların tam təhvil verilməsindən, layihədə göstərilən bütün öhdəliklərin yerinə yetirilməsindən və görülən işlərin standartlara uyğun olmasından asılıdır. Son vaxtların təcrübəsi həm sahibkarların, həm də yeni tikilmiş binalarda mənzil alan vətəndaşların səhlənkarlığı ucbatından bu sahədə bir sıra ciddi problemlərin yaranmasına səbəb olub. Belə ki, binalar təhvil verilməmiş buraya qaz və suyun verilməsi təmin olunur. Bundan istifadə edən vətəndaşlar yeni tikilmiş, amma tam təhvil verilməmiş binalara köçüblər. Belə olan halda tikinti şirkətləri əlavə xərc çəkib Dövlət Qəbul Komissiyasından təhvil aktı almaqda maraqlı olmurlar. Tikinti şirkətləri onsuz da tikdikləri mənzilləri satdıqlarından bu mənzillərin qazla təmin olunub-olunmamasında maraqlı olmurlar. Bunda maraqlı olan vətəndaşlar olur ki, onlar da tikinti şirkətinə deyil, müvafiq dövlət qurumlarına müraciət edirlər.
Təbii ki bu halda dövlət qurumları vətəndaşların problemlərinin həllində aciz duruma düşürlər. Hazırda Bakıda elə yeni tikilmiş binalar var ki, onlarda 3 ildir məskunlaşma gedib, amma qazın nə vaxt veriləcəyi hələ də məlum deyil. Bəzi hallarda isə sakinlər binaları inşa edən tikinti şirkətlərinin sahiblərini belə tapa bilmirlər. Bəzi tikinti şirkətləri isə ümumiyyətlə, fəaliyyətlərini dayandırıblar. Bu problemlə üzləşən vətəndaşların problemlərinin həlli ilə bağlı dəfələrlə parlamentdə də məsələ qaldırılıb. Məsələn, millət vəkili Qənirə Paşayeva hesab edir ki, yaranmış problemin həllində əsasən tikinti şirkətləri günahkar olduqlarından dövlət vətəndaşların problemlərinin həllinə bir çarə tapmalıdır. Dövlət orqanları isə deyirlər ki, tam təhvil verilməmiş yeni tikiliyə qazın verilməsi cinayətdir. Çünki bu, həmin binalarda yaşayan yüzlərlə insanın təhlükəsizliyinin təmin edilməsi baxımından yolverilməzdir.
Məhz bu məqsədlə prezident İlham Əliyev bu günlərdə Milli Məclisə qanunvericilik təşəbbüsü ilə yeni qanun layihəsi göndərib və parlament həmin sənədi qəbul edib. Belə ki, parlament «Elektroenergetika haqqında», «Su təchizatı və tullantı suları haqqında» və «Qaz təchizatı haqqında» qanunlara əlavə və dəyişikliklər edilib. Dəyişikliklərə əsasən, Dövlət Qəbul Komissiyası yeni tikilən hər hansı binanı tam istismara qəbul edənədək bu binaya, onun mənzillərinə elektrik, qaz və su verilə bilməz. Eyni zamanda, yeni tikilən yaşayış binaları tam istismara qəbul edilənədək mənzillərdə elektrik, qaz və su sayğaclarının quraşdırılmasına icazə verilməyəcək.
Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini Elton Məmmədov hesab edir ki, bu dəyişikliklər müvafiq qanunvericiliyin təkmilləşdirilməsi xarakteri daşıyır və vətəndaşların xeyrinədir. Onun fikrincə, prezident bu qanun layihəsini parlamentə vətəndaşların mənafelərini düşünərək göndərib. Yəni vətəndaş Dövlət Qəbulu Komissiyası tərəfindən qəbul edilməyən binalarda məskunlaşa bilməyəcək. Bu vəziyyətdən çıxmaq üçün tikinti şirkətləri məcbur olub üzərilərinə düşən bütün öhdəlikləri yerinə yetirəcəklər ki, tikdikləri bina komissiya tərəfindən qəbul olunsun və sata bilsinlər. Yəni bu yolla yeni tikililərlə bağlı ciddi bir problem həllini tapmış olacaq.
Yeni tikilmiş binaların problemləri təkcə təbii qazın qıtlığı ilə bitmir. Məsələ burasındadır ki, Dövlət Qəbul Komissiyası tərəfindən qəbul olunmayan binalara mülkiyyət hüququnu təsdiq edən qeydiyyat şəhadətnamələri də verilmir. Bu mənzillərin sahibləri mülkiyyəti tikinti şirkətindən adi müqavilə ilə alırlar. Sonradan vətəndaş mənzilini yenidən satmaq istəyəndə əlavə problemlə üzləşir. Alıcı mənzilin qeydiyyat şəhadətnaməsini (“kupça”sını) tələb edir. Ev sahibi isə bu sənədi təqdim edə bilmir.
Ekspertlərin fikrincə, ölkə prezidentinin qanunvericilik təşəbbüsü ilə Milli Məclisə göndərdiyi və parlament tərəfindən qəbul olunan əlavə və dəyişikliklər bu problemin də həllinə dəstək olacaq. Belə ki, binalar Dövlət Komissiyası tərəfindən qəbul olunduqdan sonra onlara işıq, su və qaz verildiyindən vətəndaşlar oraya köçməmiş qeydiyyat şəhadətnamələrini də ala biləcəklər.
Amma bir məsələ də var ki, qanun geriyə şamil edilmədiyindən edilən əlavə və dəyişikliklər hazırda tikilməkdə olan binalara şamil olunacaq. Hazırda küllü miqdarda pul verib qazsız mənzillərdə yaşayan yeni tikili sahibləri isə problemin həlli üçün bir az da gözləməli olacaqlar. Tikinti şirkətləri insafa gəlib binaları Dövlət Qəbul Komissiyasına təhvil verənə kimi. Çünki indiki halda məskunlaşma gedən binalara işıq və suyun verilməsini dayandırılması qaz həsrəti ilə yaşayan insanları daha çətin duruma sala bilər. 
 
                                                                                                                                                                                                İlham Quliyev
Şərhlər (1)
 
 
 
 
 

BurlaXatun-dan analoqu olmayan layihə: On-line reality şou… “Ana olacam!” Daha ətraflı...

 
 
 
 
 
Problemlərinizi bizimlə həll edin.


 
Xəbəriniz olsun ki...

 

İnsan neçə dəfə aşiq ola bilər?

Bir dəfə (21)

3 dəfədən çox ola bilməz (15)

Səbri və ömrü yetdiyi qədər (47)

Məhəbbət yoxdur (17)

Gamidov.com